Bakıdan simvolik, lakin prinsipial jest| Azərbaycan hərbi nüfuzunu qoruyur, siyasi suverenliyini saxlayır

2025/05/1746695372.jpg
Oxunub: 906     13:19     08 May 2025    
Azərbaycan Prezidentinin 9 May Moskva Zəfər Paradında iştirak etməməsi ilə bağlı qərarı ətrafında formalaşan situasiya həm regiondakı siyasi balansı, həm də Bakı-Moskva münasibətlərindəki incə məqamları başa düşmək baxımından maraq doğurur. İstər ictimai rəy, istərsə də beynəlxalq müşahidəçilər bu addımı müxtəlif mülahizələrlə izah etməyə çalışsalar da, reallıqda bu qərarın arxasında rasional, çoxistiqamətli və balanslaşdırılmış bir yanaşma dayanır.

İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanın Rusiya ilə münasibətləri tarixi və strateji xarakter daşıyır. Hər iki ölkə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat layihələri sahəsində dərin əlaqələrə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin paradda iştirak etməməsi ikitərəfli münasibətlərin ümumi fonuna kölgə salacaq bir addım kimi qiymətləndirilməməlidir. Əksinə, bu qərar ölkənin milli maraqlarına uyğun şəkildə müstəqil qərarvermə imkanlarının və diplomatik manevr bacarığının təzahürüdür.

Prezident Əliyevin bu günlərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlərə diqqət ayırması həm daxili siyasi sabitliyin qorunması, həm də milli yaddaşın və dövlətçilik təməllərinin möhkəmləndirilməsi baxımından prioritet məsələdir. Azərbaycanın siyasi kursunun banisinin xatirəsinə hörmət əlaməti olaraq dövlət başçısının bu tədbirlərdə şəxsən iştirak etməsi onun prioritetlərinin harada dayandığını göstərir.

Digər tərəfdən, son zamanlar Rusiya ilə münasibətlərdə müəyyən texniki və diplomatik çətinliklər müşahidə olunub. Məlum AZAL təyyarəsi insidenti ilə bağlı araşdırmaların uzadılması və bu məsələyə dair Azərbaycanın gözləntilərinin tam qarşılanmaması, eləcə də bəzi şəxsi səviyyəli incəliklər – məsələn, azərbaycanlı millət vəkilinin Rusiya ərazisinə buraxılmaması kimi hadisələr – rəsmi Bakının Moskva ilə münasibətlərə yenidən baxmasına səbəb ola bilər. Lakin bu hallar Azərbaycanın Rusiya ilə münasibətləri kəskin şəkildə dəyişmək niyyətində olduğunu göstərmir. Sadəcə, Bakı tərəfi hər iki ölkənin maraqlarına uyğun şəkildə qarşılıqlı hörmət və bərabərlik prinsipinin qorunmasını vacib sayır.

Eyni zamanda, Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsindəki öhdəliklərinə sadiq qalaraq, simvolik səviyyədə də olsa, Zəfər Paradında iştirak etməsi bu balanslı yanaşmanın göstəricisidir. Belə ki, Azərbaycan komandolarının bir bölməsi artıq bir neçə gündür Moskvadadır və parada hazırlaşır. Bu, Azərbaycanın Rusiya ilə münasibətləri tam kəsmək niyyətində olmadığını, əksinə, mərhələli və düşünülmüş şəkildə diplomatik jestlərə üstünlük verdiyini göstərir.

Bununla yanaşı, regionda baş verən yeni geosiyasi dinamikanı da nəzərə almaq vacibdir. Azərbaycan regional aktorlar arasında vasitəçilik rolunu oynamağa çalışır və bu məqsədlə həm Qərb, həm də Şərq ölkələri ilə çevik diplomatik əlaqələr saxlayır. Bu baxımdan Prezident Əliyevin bu mərhələdə Moskvaya getməməsi, bəlkə də daha geniş diplomatik oyun sahəsinin tərkib hissəsidir. Burada söhbət təkcə ikitərəfli münasibətlərdən deyil, həm də Qafqazda sabitliyin qorunması və beynəlxalq balansın saxlanmasından gedir.

Nəticə etibarilə, Azərbaycan Prezidentinin 9 May paradına qatılmaması, hərbi nümayəndə heyətinin isə iştirak etməsi, ölkənin həm prinsipial, həm də praqmatik siyasət yürütməyə qadir olduğunu sübut edir. Bu yanaşma, həm Azərbaycanın suverenliyini qorumağa, həm də regionda söz sahibi kimi çıxış etməyə davam etməsinə imkan verir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   9-May  


Bizi "telegram"da izləyin